Rəsul QULİYEV
HÖRMƏTLİ MƏMMƏD ARAZ!
Sizi – müasir söz sənətinin böyük ustadlarından birini, görkəmli Azərbaycan şairini, böyük ziyalını, minlərlə oxucunun sadiq dostunu anadan olmağınızın 65 illiyi münasibətilə ürəkdən təbrik edirəm. Şairin ad günü – ruhun, düşüncənin, qəlbin bayramı, sözün, şerin ad günüdür. Yaradıcılığınız boyu sadiq qaldığınız mənəvi dəyərlər, malik olduğunuz sağlam düşüncə, dəyişməz mövqe yaradıcı insanın – onun parlaq şəxsiyyətinin sonsuz sevgi doğuran nümunələrindən biridir. Siz 60-cı illərdə, ağır siyasi rejimdə proletar ədəbi şüarçılığına , söz piyadalarının uydurduğu qafiyələrin ideoloji selinə, axınına qarşı duran, xalqımızın dərdlərini, ağrılarını dilə gətirən, bu yolda ağır məhrumiyyətlərə düçar olan ədəbi simalardan birisiniz. Xalqımızın milli şüurunun oyanışında, mürtecə sözlə işğal olunmuş mənəviyyatın dirçəlişində, xalqın özünə qayıdışı kimi mühüm tarixi prosesdə Sizin yaradıcılığınızın mühüm əhəmiyyəti danılmazdır. Bənzərsiz şer və poemalarınız Azərbaycan dilinin, xalqımızın bədii təfəkkür imkanlarının nəhayətsiz genişliyinin poetik ədəbi sübutudur. Ona görə də “Üfüqə yönələn düz yollar”da, “Qasırğa hədəfində qumru yuvası quran”, “Bütün keçilməzliyi Vətən adı ilə keçən” bədii sözünüz minlərlə insanın mənəvi qibləsinə çevrilmək haqqını qazanmışdır.
Sizin poeziyanız həmişə özünün yaşamaq haqqına güvənmişdir. Bu haqqa tapınmaq, “Hər sözün işığında göyə bülənd olan” işıqlı, uca söz Sizi sözün zirvəsinə ucaltmışdır. Haqqı danmaq qorxusu və bu məqamda “İydə dənəsi boyda qurğuşuna əl uzat”maq cəsarəti, mənəvi intiharın mənəviyyatsızlıqdan düşünülmüş üstünlüyü, əslində illər boyu Sizin ədəbi ömrünüzün əsas mənəvi şərtinə çevrilmişdir. Heç kəsin olmayan dünyanın həm də “Sənin”, “Mənim” olduğuna inandırmaq yalnız Məmməd Araz sözü ilə mümkündür. Xalqımızın ilkin söz qaynaqları ilə bu günümüz arasında ədəbi əlaqənin mövcudluğu Sizin şerlərinizi dünənlə bu gün arasında ən etibarlı mənəvi körpüyə çevirmişdir. “Daş harayı”, “Qanadlı qayalar”, “Üç oğul anası”, “Mən səni taparam”, “Dünya düzəlmir”, “Dünya sənin, dünya mənim...” və s. kitablarınızda toplanmış şerlər Azərbaycan xalqının əvəzsiz mənəvi sərvətidir. Bu şerlər və onlara yazılmış yüzlərlə mahnı insanı duyğulandıran, onu gözəl mənəvi anlar yaşamağa sövq edən yaradıcılığınızla təmasın heyranedici məqamlarıdır.
Azərbaycan ədəbi, ictimai fikrinin, onun söz ordusunun sərkərdələrindən biri kimi Siz bu gün də sözü yalanın, böhtanın, riyakarlığın, simasızlığın, şantajın ifadə vasitəsinə çevirən, bununla da xalqı və sözü təhqir edən mənəvi dəllalara qarşı öz zirehli sözünüzlə amansız döyüşdəsiniz. Xalqımızın azad və müstəqil dövlət quruculuğunda, memarlarından biri olduğunuz azad, ləyaqətli sözün, sağlam düşüncənin səfərbəredici mənəvi gücü son dərəcə zəruri amillərdəm biridir. Şübhəsiz, mürtecə rejimə qarşı xalqın mənəvi müqavimətinin təşkilində bu amil öz əhəmiyyətli rolunu oynayacaqdır. Xalqımız, oxucularınız, dostlarınız – hamımız üçün bu əziz gündə - ad gününüzdə qürur hissi ilə Sizi bağrıma basır, Sizə uzun ömür, can sağlığı diləyirəm. Tanrı yardımçınız olsun!
17 oktyabr 1998.
Fikrət QOCA
Onun barəsində nələri demək olmaz ki... Yaxşı ata, valideyn, istedadlı şair, gözəl dost, ən əsası isə layiqli vətəndaş, əvəzsiz sirdaş. Bilsəniz, onunla keçirtdiyim günlərin intizarını necə çəkirəm. Heyf, gəncliyimizdən.
Ola bilər ki, mən bu gün şer üçün darıxanda, oxumağa bir şair tapmayanda Nizamiyə, Füzuliyə, Sabirə üz tutum. Amma ruhən darıxanda, məhrəm bir kəlməyə, ilıq bir dost təsəllisinə ehtiyacım olanda üz tutacağım yeganə şəxs varsa, o da Məmməd Arazdır. O, gözəl şairdir. Amma ən əsası odur ki, kim olursan ol, hər şeydən öncə insanlığı bacar. Bax, Məmməd Araz belə şəxsiyyətlərdəndir. O, uzun illər dostluğu, yoldaşlığı qoruyub saxlamağı bacaran bir insandır. Mənim nəzərimdə insanlığın ən ali keyfiyyətlərinin məcmusu onun simasında, onun şəxsiyyətində cəmlənib. Tanrıma minnətdaram ki, mənə belə bir insanla dost olmaq fürsəti verib.
1998.
Manaf SÜLEYMANOV
Mənim nəzərimdə bu gün Azərbaycanda iki dahi şair var. Onlardan birincisi Məmməd Araz, digəri isə Musa Yaqubdur. Vaxtilə Yazıçılar İttifaqının nəzdində olan Ədəbiyyat Fonduna rəhbərlik etdiyim günlərdə Məmməd Arazla tez-tez görüşər, söhbətləşərdik. Onu bir şair kimi çox qiymətləndirirəm. Məmməd Araz ölməz şairdir. Bir dost kimi onu təbrik edir, ona yaradıcılıq uğurları arzulayıram.
1998
Əhməd QƏŞƏMOĞLU
Totalitar rejimin mahiyyətində həmişə əzazillik, yırtıcılıq həvəsindən doğan bir eybəcərlik olur. Bu rejimin ən çox qorxduğu onun eyiblərinin üstünün açılmasıdır. Mənəviyyatca saf adamlar heç vaxt belə eybəcərliklə barışmır və bacardıqca ona qarşı mübarizə aparırlar. Belə adamlar içərisində ən çətin vəzifə söz adamının, xüsusilə daha həssas və emosional şairlərin üzərinə düşür. Onların ürəyindəkilər sətirlərə köçdükcə totalizmin caynaqları onlara qarşı hərisliklə açılmağa başlayır. Sovet totalitarizminin min cür əzab-əziyyət verdiyi şairlərimizdən birinin böyük şairimiz Məmməd Araz olduğu çoxlarına məlumdur. Indi ən yüksək mükafatlara layiq görülən şairimiz lap bu yaxınlara qədər zəmanənin bir çox təzyiqləri, əziyyətləri ilə üz-üzə idi. Xalq tərəfindən olduqca sevilən şair daim hökumət aparatının, məmurların, hökumətə xoş gəlmək istəyənlərin ögey münasibətlərinə sinə gərməli, mübarizə aparmalı olurdu. Elə buna görə də o, səhhətini qoruya bilmədi.
1998.
Nəbi XƏZRİ
Məmməd Arazın ilk şerlərini oxuyan mən olmuşam. O vaxtlar Yazıçılar İttifaqında şer üzrə məsləhətçi işləyirdim. Məmməd İbrahim adlı birisi öz şerlərini gətirər, məsləhətlər alardı. Açığı bu şerlərdəki ictimailik, xəlqilik məni özünə yaman çəkirdi. Demə, yanılmamışam. Sonralar tək mən deyil, bütün xalq Məmməd Araz poeziyasının vurğunu oldu. O, heç kimə bənzəməyən bir şairdir. Heyf ki, səhhətinin zəifliyi onun imkanlarını məhdudlaşdırır. Amma onu da deyim ki, canının ağrımasına baxmayaraq, Məmməd Araz bu gün bir çox “şaircığazlardan” sağlam şerlər yazır.
1998