MƏŞHUR ADAMLAR MƏMMƏD ARAZ HAQQINDA
Esmira TURABQIZI: XX əsrin dahi şairi: Onu belə də adlandırırlar. Dünyanı Məmməd Arazlar yaşadırlar.Məmməd ASLAN: Gündoğanı, Günbatanı özünə mənzil eləmiş Məmməd Arazın şairlik qüdrəti haqqında çoxları deyib, elə mən də. Ürəyim soyumadığından məqalə üstündən məqalələr yazmışam. Bu gün deyəcəyim onun tamam ayrı bir yönü haqqındadır. Məmməd Arazla bir yerdə işləmək qədər asan və Məmməd Arazla işləməkdən çətin bir şey yoxdur. Asandı ona görə ki, necə istəyirsən baş girlə, bunu da diqqətə almaz, üzünə turş söz deməz. Çətindir ona görə ki, dərk eləyirsən adamlıq nədirsə, hamısı ondadır.
Flora KƏRİMOVA: Məmməd Arazın şerlərində həmişə öz ovqatımı duyuram, elə bilirən ki, ancaq mənim üçün yazır.
Afaq BƏŞİRQIZI: Mənim üçün kəşf olunmayan çox sirli-sehirli bir şair var: Məmməd Araz. Insan sözü də bu şairin önündə balaca görünür. Onu sevmək azdır.
İsa QƏMBƏR: Məmməd Araz ədəbiyyatımızın təkzibedilməz, özünəməxsus şairidir. Onun yaradıcılığı vətəndaşlıq amalı ilə yoğrulmuşdur. Sözün əsl mənasında Allah vergisinə malik olduğu üçün o, yaradıcılığının bütün tellərilə xalqa bağlıdır. Vaxtilə çoxlarının dilə gətirə bilmədiklərini M. Araz bütün yaradıcılığı boyu müxtəlif ədəbi fəndlərlə xalqa deyib, xalqın ruhunu sarsılmağa qoymayıb. Məmməd Araz yaradıcılıq mövqeyi həyat tərzi ilə üst-üstə düşən insanlardandır. Onun məlum səbəbdən oxucularla birbaşa ünsiyyəti məhdud olsa da bu onu sevməyə heç bir maneçilik törətmir.
Etibar MƏMMƏDOV: Məmməd Araz vətəndaş şairdir. Şəxsiyyəti ilə poeziyası vəhdət təşkil edir. Bu baxımdan da o, təkrarolunmazdır.
Miyanalı ƏLİRZA (Cənubi Azərbaycan): Bizim istiqlal mücadiləsini hansı qanlar bahasına keçdiyimizə ətraflı şəkildə nəzər salmadan da öz-özlüyündə aydın məsələdir ki, milli dövlətində azadə surətdə yaşayan xalq dövlətçilik ənənələrini irsən yaşadır, bu irs xalqın ruhunu həmişə oynar-kişnər saxlayır, onu sınmağa qoymur. Amma Araz... Köksüqabarıq, köksüyanıq Təbriz bayatısı... Mən bu hicranın oğluyam, ona görə də bütün qəlbi, bütün rişələrilə bəlalı yurdumuza bağlanmış, şəxsi ağrı-acılarının fövqündən o taylı-bu taylı tərlanlar yurduna boylanan Məmməd Arazın sarsılmaz məsləkinə iman gətirməyə bilməzdim. Tarixə nəzər salsaq görərik ki, qəsbkarlar hər hansı bir məmləkəti fəth edəndə ilk növbədə onun ziyalılarını, ələlxüsus onun şairlərini qəhr etməyə çalışıblar. Əgər Şəhriyar adicə şairlik rəmzinin hüdudlarından kənara çıxıb milli varlığımızı danılmaz surətdə təsdiq edirsə, onda Məmməd Araz da bu milli təsdiqin, milli iftixarın o biri qanadını təmsil edir. Bu qanadlar hələ çox fəzalar aşacaq, çox zirvələr fəth edəcək. Nə bəxtiyaram ki, röyalarımda aradığım şairi həyatda görə bildim, onun kövrək qəlbinin aynasında həm bu yurdun, həm də öz taleyimin nəqşlərini oxuya bildim...
1993