|     |     |  
 
         
   
 

MƏMMƏD ARAZLI GÜNLƏRİM
GÜLXANIM FƏTƏLİ QIZI

SƏNƏTDƏ SON MƏNZİL OLMUR
PUBLİSİSTİK YAZILAR VƏ MÜSAHİBƏLƏR

MƏN ÖZÜM BİLİRƏM NƏÇİYƏM NƏYƏM
HAQQINDA YAZILMIŞ MƏQALƏLƏR
 
İmran     AXUNDOV

BÖYÜK  SƏNƏT   BAHADIRI

Poeziya gözəllikdir, poeziya istedadın, gərgin əməyin, yuxusuz gecələrin bəhrəsidir. Bu xoşbəxtlik hər adama nəsib olmur. Lakin elə insanlar var ki, öz yüksək poeziyası ilə ürəklərə rövnəq verir, şerləri ilə onları isidir və ruhunu oxşadır. Böyük sənət bahadırı Məmməd Araz məhz belə qələm sahiblərindəndir. M. Arazın yaradıcılığı çoxşaxəlidir, mövzulu və əhatəlidir. Onun sənət adamlarına, vətənə, ana təbiətə, gözəlliyə, dünyanın müxtəlif işlərinə həsr etdiyi əsərlər öz rəvanlığı ilə fərqlənir. Məmməd Arazın lirikası rəngarəngdir, onun lirik əlvanlığı, zənginliyi oxucuların yaddaşında bir mayak kimi yanır və yanmaqdadır. Ədibin yaradıcılığı vətənə bağlıdır, vətənin dərdi, acısı ilə yanan şair çox gözəl deyir:
            Vətən mənə oğul desə nə dərdim,
            Mamır olub qayasında bitərdim...
Sözün əsl mənasında vətəninin sadiq oğlu Məmməd Arazın bu iki misrası gözəl kəlamlarımızın ən yüksək incisidir. Şairin təbiətə həsr etdiyi “Şerə gətir”, “Şahdağı”, “Muğanın şikayəti”, Dağ çayı”, “Göy göl”, “Əlvida dağlar”, “Qaranquş”, “Kəklik” və s. kimi şerləri indi də xalqın dilində əzbərdir. 1956-ci ildə Şahdağına səyahət zamanı şair bütün qələm dostlarını bu füsunkar gözəlliyə çağırır. Ədib burada:
            Nə şöhrət gəz, nə də ki ad,
            Gəl zəhmət çək, zəhmətdəki
            Şan-şöhrəti şerə gətir!
            Təbiətin öz şeri var,
            Təbiəti şerə gətir...
Zəhməti-əziyyəti, şan-şöhrəti təbiətin şer dili ilə ifadə etməyə çalışır. Ona görə də təbiət mövzusu M. Araz lirikasının əksəriyyətində öz əksini tapmışdır.
M. Arazın 1956-cı ildə yazdığı “Şahdağı” şeri öz rəvanlığı ilə oxucuların rəğbətini qazanmışdır.
            Qar əridi, sinən coşdu sinəmtək,
            Nə gözəldir ilk baharın, Şahdağı.
            Elsiz olsan, selin olar göz yaşı;
            Budur gəldi obaların, Şahdağı.

            Ömrün-günün dərdsiz-qəmsiz deyildi,
            Çox ananın dərdi sənə deyildi.
            Çox şah gəlib ətəyində əyildi,
            Əyilmədi şah vüqarın, Şahdağı!
Şair bu şerdə Şahdağın bahar fəslindəki gözəlliyindən, onun şah vüqarından ürək dolusu ilə danışır.   
Təbiət mövzusunda yazılmış şerlərdən biri də “Muğanın şikayəti” əsəridir. Ədib bu şerdə təbiətə gözəllik verən ceyranın ovlanmasını qəti qadağan edir. “Muğanın şikayəti” şerində şairin əsas məqsədi odur ki, gənc nəsil ceyranı muzeylərdə yox, təbiətin qoynunda, Mil-Muğan düzündə görsünlər. Ona görə də şair şerin sonuncu bəndində gözəl deyib.
            Gələn nəsillər sabah
            Belə gedərsə ancaq,
            Ceyranı çöldə deyil,
            Muzeydə axtaracaq.
            Ceyran azalıb,
            Yaman azalıb.
Göy gölün füsunkar gözəlliyini ədib 1964-cü ildə yazdığı “Göy göl” şerində gözəl əks etdirir:
            Çiskinli bir gündə gəldim bu yerə,
            Dumanda görünməz, dumandı Göy göl.
            Tənha qayalara, lal meşələrə,
            Zülmət gecələrdə hayandı Göy göl.
Ədib bu şerində Göy gölün qayalara, meşələrə arxa olmasından, səhər-səhər suyunun duruluğundan, Kəpəzin dibində yorulan ceyrantək burulub yatmasından iftixarla danışır.
M. Arazın “Mənim Naxçıvanım”  şeri də təbiət mövzusunda yazılmış ən gözəl əsərlərindəndir. Şair bu şerində doğma vətəni olan Naxçıvanın gözəl təbiətindən, dağ havasından, qaynar bulaqlarından böyük məhəbbətlə danışır və öz Naxçıvanını, Şahbuzunu ürəyinin bir parçası adlandırır:
            Sinəmdə o yerin dağ havasıdır,
            Qaynar bulaqların qaynar qanımda.
            Mənim ürəyimin bir parçasıdır,
            Doğma Şahbuzum da, Naxçıvanım da.
Beləliklə, təbiət mövzusunda yazılmış şerlər Məmməd Araz lirikasının ana xəttini təşkil edir və bu əsərlər zaman keçdikcə öz gözəlliyini itirməyəcəkdir.
Təbiətin təsvirindən başqa ədib vətən mövzusunda bir neçə şer yazıb yaratmışdır. “Vətən nəğməsi” şerində şair çox gözəl deyir:
            Ey vətən nəğməsi, bilmirəm kiməm,
            Nəçiyəm, mən sənsiz nəyə qadirəm,
            Sənsiz nə eşqim var, nə də ailəm.
M. Araz şer okeanına daxil olduqda ovsunlanırsan və şairin necə böyük potensial imkana, söz düzümünə malik olmasını böyük sevinc hissi ilə alqışlayırsan. Şairin yazdığı əsərlər içərisində artıq dillər əzbəri olmuş “Dünya sənin, dünya mənim...”, “Dünya düzəlmir”, “Belə dünyanın” kimi böyük şövqlə yazılımış şerləri Azərbaycan poeziyasının ən gözəl inciləridir.
“Dünya düzəlmir” şerində şair baş alıb gedən hərc-mərclikdən ürək ağrısı ilə danışır:
            Gedir yal davası, sümük davası,
            Gedir vurhavurla çəpik davası,
            Gedir milyonçunun qəpik davası,
            Çürük fikirlərin çürük davası...
            Dünya düzəlmir ki, düzəlmir, baba!
Göründüyü kimi şair bu şerində xəsis milyonçuları, çürük fikirli adamları, özündən son dərəcə razı olanları tənqid hədəfinə tutur və xalqı bu fikirlərdən uzaqlaşdırmağa çalışır. “Dünya düzəlmir” şerində şair qoca dünyanın müqəddəsliyinə inanır və öz xalqını da inanmağa çağırır.
“Belə dünyanın” şerində şair gözəl deyir ki:
            Söz verdim söz adlı dəfinə verə,
            Tək bircə ölümsüz qərinə verə,
            Umdum nə verdi ki, küsdüm nə verə?
            Mən belə dünyanın nəyindən küsüm?

            Itirib özündə özünü dünya,
            Toyların, yasların özünü dünya...
            Əlim ətəyindən üzülü dünya...
            Mən belə dünyanın nəyindən küsüm?
Məmməd Araz bu şerində dünyanın ikitirəliyindən, mərd və namərd insanlardan danışır, dünyanın mürəkkəbliyini oxucuya açıqlayır.
Ədibin yaradıcılığı, əlbəttə, kiçik bir məqaləyə sığan deyil, onun haqqında cildlərlə kitab yazsan yenə də az olar. Çünki öz uluları ilə bir cərgədə durmaq hər şairə nəsib olmur. Bunun üçün gərək öz üzərində gecə-gündüz işləyəsən, zəhmətə qatlaşasan.
Zənnimcə, Məmməd Arazın da ömür yolu belə olmuşdur. Bənzərsiz söz ustası, qartal qanadlı sənətkar, böyük sənət bahadırı olan Məmməd Arazın bu il 60 yaşı tamam oldu. Gəlin biz də əsl xalq sənətkarına, söz ordusunun sərkərdəsinə, ustad şairə çox sağ ol deyək və ona uzun ömür diləyək!

1993.

 
Bizim Nizami yaşlı ağsaqqal, müdrik poeziyamız, eyni zamanda, həmişə gənclik həvəsli, gənclik ehtiraslı olub.
Əsl sənət «söz oxuna meylli» deyil
Başqa cür desək,  sənətkar insan  da dağlar kimidir.
Şair doğmalığı, şair yadlığı!
Təbiət arxayın idi, toxtaq idi. Ancaq zaman elə zaman idi ki,
Uzun müddət xatirə yazmağı xoşlamamışam. Elə indi də xoşlamıram.
Niyyətimiz haradır, Mənzilimiz?...
Ucalıq, mərdlik və dostluq poeziyası



free counters
Copyright© 2009 Saytı hazırladılar:
İdeya: İradə Tuncay
Dizayner: Nizami Allahyarov
Operatorlar: Mehriban Cəfərova, Gülər İsmayılova, Vüsalə Babayeva
Korrektor: Şamxal Şəbiyev
Site by: azDesign.ws