|     |     |  
 
         
   
 

MƏMMƏD ARAZLI GÜNLƏRİM
GÜLXANIM FƏTƏLİ QIZI

SƏNƏTDƏ SON MƏNZİL OLMUR
PUBLİSİSTİK YAZILAR VƏ MÜSAHİBƏLƏR

MƏN ÖZÜM BİLİRƏM NƏÇİYƏM NƏYƏM
HAQQINDA YAZILMIŞ MƏQALƏLƏR
 
Nürəddin  ƏLİYEV

 TORPAQDI  MAYASI  MƏNİM  ŞERİMİN

Belə bir həqiqət mövcuddur ki, hər hansı bir şairi başa düşmək, duymaq istəyən hər bir şəxs yolunu onun vətəninə - anadan olduğu, boya-başa çatdığı torpaqlara salmalıdır. Çünki əsl şair ona doğma olan yerlərdən, boya-başa çatdığı torpaqdan nə qədər uzaqda yaşasa da, öz uşaq dünyasından uzaq düşə bilmir.
Digər bir həqiqət də vardır ki, şairi başa düşmək üçün heç də onun anadan olduğu, boya-başa çatdığı yerlərə getmək, səfər etmək bir o qədər də vacib olmur. Bu baxımdan böyük rus şairi SERGEY YESENİNİN  kitablarını əlinə alan hər bir kəs ani olsa da pərişan saçlı ağcaqayınların bəyaz dünyasına düşəcək, Ryazan çöllərinin genişliyini hiss edəcəkdir. Böyük avar şairi RƏSUL HƏMZƏTOVUN şerlərini varaqlamış olsa, ulu Qafqaz dağlarının qartal məskənli qayalarına, qartallarla yanaşı yaşayan qartal qanadlı igid dağlıların həyat tərzinə tamaşa edəcək, düşüb hər hansı bir auldasa qonaq qalacaqdır.
Bütün bunlar ondan irəli gəlir ki,  əsl şair nədən, kimdən yazırsa- yazsın, onun boya-başa çatdığı yerlər, o yerlərin adamları gözləri önündən heç vaxt silinib getmir. O yerlər, o adamlar misralar arasından boylanaraq özlərini bütün dünyaya, şairin bütün oxucularına göstərmək istəyirlər.
Bu mənada 60 yaşını yenicə təbrik etdiyimiz USTAD şair Məmməd ARAZIN 40 illik yaradıcılıq taleyi də gələcək yaradıcı nəsil üçün örnək və ibrətamizdir.
M. Arazın hər bir kitabı, ayrı-ayrılıqda  hər bir şer və poeması böyük bir ürək yanğısı ilə Azərbaycan torpağından söhbət açır, oxucunu ovsunlayıb arxasınca aparır, bu gözəllik diyarına səyahətə dəvət edir. Bütün bu gözəllikləri hamıya göstərmək və dünyaya tanıtdırmaq istəyir.
M. ARAZ ustad şairdir. Onun yaradıcılığının kökləri qədim folklor və dastanlarımızdan qidalanmışdır. Şairin torpaq, təbiət və insanlar haqqında danışıq dili yüksək dərəcədə sadə və lakonikdir. Təbiət, zəhmət, sevinc və kədər notlarının hər biri təzə və yaddaqalandır. O, ən adi, bəsit danışıq dilini sehrləndirmək, klassiklərimizin və eləcə də bütün dünyəvi sənətkarların tanrı vergisi saydıqları bədii bir ifadəyə çevirmək istedadına malikdir.
M. Araz şeri hər hansı bir nəqqaş əli ilə çox böyük bir zövq və şövqlə işlənmiş və bəzədilmiş bir qızıl boyunbağını xatırladır. Adama elə gəlir ki, həmin boyunbağıdan bir həlqəni belə qırıb atsan, o gözəllik itəcək, bir anda məhv olacaqdır. Məmməd Araz şerində hər hansı misra və yaxud misrasındakı hər hansı bir söz götürülsə və ya dəyişilsə, o dəqiqə qəlplik üzə çıxacaq, bu qəlpliyi heç bir vəchlə gizlətmək mümkün olmayacaqdır.
Məhz bu xüsusiyyətinə görə şairin istedadı və sənətkarlığı qarşısında baş əyməmək olmur.
Hərdən özün-özünə belə inana bilmirsən. Düşünür, düşünürsən: “Allah, Allah! Bu şerdimi? Göydən gələn, qeybdən gələn sədadırmı, səsdimi!”.
Bəlkə, əsl şairə verilən tanrı vergisi də böyük İslam dünyasının peyğəmbəri MƏHƏMMƏD (ə.s) verilmiş vəyh ilə bir yerdə yer üzünə göndərilmişdir?! Bəlkə, elə ona görə də, “QURANİ-KƏRİM”in hər bir surəsi ayrı-ayrılıqda bir gözəl şer nümunəsidir. Bəlkə, elə ona görə də, bir peyğəmbər kimi MƏHƏMMƏD peyğəmbərin möcüzəsi də “QURANİ-KƏRİM sayılır?! Bəlkə, elə ona görə də dünyasını vaxtsız dəyişmiş, gözəl şairimiz Vaqif Hüseynov şairi peygəmbərə bənzədib: “Şair də möcüzə göstərməlidir!..” demişdir. Bəlkə, elə ona görə də rus dilində şer “stixotvoreniya – stixoynoe tvorenie”, bizim iradəmizdən asılı olmayan qeyri-adi bir yaradıcılıq məhsulu adını daşıyır?!
M. Araz şerlərini oxuyarkən istər-istəməz düşünməli olursan: “İlahi, görəsən bu misranı, bu fikri başqa bir formada da demək mümkün olardımı?! Bu fikrin bundan da yaxşı, bundan da poetik ifadəsi ola bilərdimi?! Hər şer, şerin hər bir bəndi möcüzədimi, möcüzə deyilsə, bəs onda nədir?!”.
M. Araz hamımızın çox sevdiyi, hardasa qibtə etdiyi bir şairdir. Bu kiçicik bir yazıda  mən heç də M. Araz yaradıcılığını tam varaqlamaq, oxucularla öz fikrimi bölüşdürmək məqsədini daşımıram və buna ehtiyac da duymuram. Onsuz da ustad şairin qələmindən çıxan hər bir yazı qəzet və jurnal səhifələrində çap olunan kimi bütün oxucular tərəfindən sevilə-sevilə oxunur, müxtəlif səviyyəli böyük və kiçik məclislərdə səslənir, əks-səda doğurur.
Bu yazıda yalnız və yalnız şairin 60 illik yubileyi ərəfəsində “Təbiət” Ekoloji Mətbuat Mərkəzi tərəfindən işıq üzü görmüş “DÜNYA  DÜZƏLMİR...” toplusundakı şer nümunələrini oxuyarkən keçirtdiyim hissləri  qələmə almağa çalışmışam.
Indiyə kimi Məmməd Arazın kitablarını dönə-dönə oxusam da, bu toplunu gözdən keçirəndə ustad şairin şerlərinin ilahi sehri məni məftun etdi. Vətənpərvərlik, vətəndaşlıq, müasirlik deyilən məvhumların mahiyyətini bir daha dərk etdim.
Məmməd Araz vətəndaş şairdir. Onun şerlərindəki vətəndaşlıq ölçüsü, hər bir şerində açıq-aydın görünən vətəndaşlıq qeyrətidir, torpağa, Vətənə bağlı olan sevgi, məhəbbət duyğularıdır. Torpağa, Vətənə olan bu sevgi və məhəbbət duyğuları bizim hamımız üçün örnəkdir.
             Əkindi, səpindi, biçindi vərdi,
            Torpaqdı mayası mənim şerimin...

            Ya da:
            
            Daşdan, kəsəkdən yazıram,
            Çəndən-çisəkdən yazıram.
            Itdən, pişikdən yazıram
            Heç fərqinə varan yoxdu...   
Bu duyğular hər birimizi ayrı-ayrılıqda torpağa bağlayır və həm də bunu gözümüzdə ucaldır.
M. Araz özünü təkcə Azərbaycanın vətəndaşı yox, bu narahat, keşməkeşli, başı qalü-qallı dünyanın vətəndaşı sayır. Məhz buna görə də şairin sevinci də, kədəri də bəşəri, dünyəvi əhəmiyyət kəsb edir:
            Çiçəyindən alağı çox,
            Kişisindən papağı çox,
            Köpəyindən yalağı çox.
            Bu dünyada nə görmədim.
 
                         Və yaxud:
            Gedir yal davası, sümük davası,
            Gedir vurhavurla çəpik davası,
            Gedir milyonçunun qəpik davası,
            Çürük fikirlərin çürük davası,
            Dünya düzəlmir ki, düzəlmir, baba!
Göründüyü kimi, dünyamızın bugünkü problemləri şairin ürəyini  rahat buraxmır. O, təkcə insanlığın və torpağın yox, quşların, qarışqaların da dərdini çəkir: “Çöp gətirən bir quş gördüm – bilmirdi ki, hara qona. Bir gün erkən işə çıxan qarışqalar dönəcəkmi yuvasına?” – deyir.
Ustad şairin sevinci böyük olduğu kimi, dərdi, kədəri də böyükdür. Sabir Rüstəmxanlı demişkən: “Məmməd Araz kədəri Füzuli kədərinin varisidir... Mahiyyət etibarilə bu kədər düşündürən və gözəl yaşamağa çağıran bir kədərdir”.
Məmməd Araz yaradıcılığında oxucunu düşündürməyə, mübarizəyə və üsyana çağıran notlar olduqca çox və rəngarəngdir. Şair Azərbaycan torpağının bölünməsi ilə heç cür barışa bilmir. Bu qardaş ayrılığını millətin mənəvi problemlərindən ayırmır, öz arzularında xalqın siyasi və mənəvi birliyini görmək istəyir. “Sərhəd dirəkləri sökülür, Allah!” deyə qışqırıb sevincini hamımızla bölüşdürməyə çalışır və özü-özünü muştuluqlayır.
Şair dünyamızın Araz dərdini özünə dərd eləmiş qələm sahiblərimizdən ən öndə gedənidir. Bu dərd ədəbiyyatımıza Məmməd İbrahim kimi gəlmiş bir torpaq oğlunu dünyaya MƏMMƏD ARAZ kimi  tanıtdırmışdır. Dünyamızın Araz dərdi nə zamansa bitib-tükənsə belə, inanıram ki, bu dərd ustad şairimiz MƏMMƏD ARAZ adında əbədilik tapdığından əsrlər boyu yaşayacaqdır.
MƏMMƏD ARAZ bu gün ən çox sevilən və oxunan şairlərimizdəndir. Şairi belə çox sevdirən və oxunaqlı edən səbəblərdən başlıcası da onun yaxşı həmsöhbət olmasındadır. Şair harada olursa-olsun, nədən yazırsa-yazsın oxucusundan uzaqlaşmır, onunla şirin-şirin söhbət edir, dərdini və sevincini bölüşdürməyə çalışır. Bu, əlbəttə, olduqca qiymətli xüsusiyyətdir. Allahın hər xoşbəxt bəndəsinə belə nəsib olmayan bir ilahi vergidir.
MƏMMƏD ARAZ şeri nağıllarımızda dönə-dönə təsvir olunmuş sehrli qırxıncı otağa bənzəyir. Onun hər bir şeri qarşımızda bir yeni sehrli, tilsimli dünyaya qapı açsa belə, bu şerlərin ecazkar tilsimində alışıb sonuncu qırxıncı otağa heç cür gedib çıxa bilmirik. Lakin inanıram ki, M. ARAZ şerinin qırxıncı otağına hələ bundan sonra da illər boyu yol gedəcəyik. Inanıram ki, ustad şairimiz qırxıncı otağının möcüzəli dünyasını hələ indən belə yaradacaq, bizi yaşının 60-da olduğu kimi, 70-də, 100-də də hər təzə yazılmış şeri ilə heyran qoyacaq, yeni-yeni ürəklər fəth edəcəkdir.

1993.
 





 
 
Bizim Nizami yaşlı ağsaqqal, müdrik poeziyamız, eyni zamanda, həmişə gənclik həvəsli, gənclik ehtiraslı olub.
Əsl sənət «söz oxuna meylli» deyil
Başqa cür desək,  sənətkar insan  da dağlar kimidir.
Şair doğmalığı, şair yadlığı!
Təbiət arxayın idi, toxtaq idi. Ancaq zaman elə zaman idi ki,
Uzun müddət xatirə yazmağı xoşlamamışam. Elə indi də xoşlamıram.
Niyyətimiz haradır, Mənzilimiz?...
Ucalıq, mərdlik və dostluq poeziyası



free counters
Copyright© 2009 Saytı hazırladılar:
İdeya: İradə Tuncay
Dizayner: Nizami Allahyarov
Operatorlar: Mehriban Cəfərova, Gülər İsmayılova, Vüsalə Babayeva
Korrektor: Şamxal Şəbiyev
Site by: azDesign.ws