|     |     |  
 
         
   
 

MƏMMƏD ARAZLI GÜNLƏRİM
GÜLXANIM FƏTƏLİ QIZI

SƏNƏTDƏ SON MƏNZİL OLMUR
PUBLİSİSTİK YAZILAR VƏ MÜSAHİBƏLƏR

MƏN ÖZÜM BİLİRƏM NƏÇİYƏM NƏYƏM
HAQQINDA YAZILMIŞ MƏQALƏLƏR
 
İlham  MƏMMƏDLİ

HAQQIN   VAR,  MƏMMƏD  ARAZ

Qədim bir şərq rəvayəti var. Deyir bir gün şeri, sənəti qiymətləndirən bir hökmdar öz ölkəsinin ən qüdrətli şairinin kimliyini öyrənib sarayına gətirmək fikrinə düşür. Vilayətlərə xəbər göndərir ki, əhalinin fikrini soruşub ölkənin bir nömrəli şairinin kimliyini öyrənsinlər. Adını yazıb təcili saraya göndərsinlər. Yerlərdən cavablar gəlir. Lakin hər cavabda müxtəlif şəxslərin adları yazıldığından şah dolaşır. Dünya görmüş ağıllı vəzirindən kömək istəyir. Vəzirin  məsləhəti ilə şah ikinci fərman verir. Əmr edir ki, indi də ölkənin birinci və ikinci şairlərinin adlarını birlikdə yazıb göndərsinlər. Növbəti cavablar gələndən sonra şah görür ki, vilayətlərin hər biri əvvəl yolladıqları adların yanında bu dəfə eyni bir şəxsin adını yazıblar. Şah bu məsələni də aydınlaşdırmağı vəzirindən xahiş edir. Vəzir deyir ki, şah sağ olsun, torpaq təəssübü güclü olduğundan birinci dəfə hər vilayət öz həmyerlisini ölkənin ən adlı-sanlı şairi görmək istəmişdi. Bu dəfəki cavab isə əsil həqiqəti üzə çıxardı. Bütün cavablarda adı ikinci yazılan şair elə ölkənin ən qüdrətli şairidir.
Mən hər dəfə Məmməd Araz haqqında düşünəndə nədənsə bu hekayət yadıma düşür. Və mənə elə gəlir ki, o vaxt, o uzaq keçmişdə adı ikinci yazılan şair elə Məmməd Arazmış. Min illərin o üzündən boy tutub gəlir Azərbaycan adlı qayəsi nur, mayası nur bir məmləkətlə qoşa.
            Ana yurdum, hər daşına üz qoyum,
            Hər dərəndə çaldığım saz yaşayır.
            Kimi sənin çiynində, sən – kiminin...
            Şöhrətini yaşadan az yaşayır.
HAŞİYƏ. Bu günlərdə sevimli şairimizin ötən il çap olunmuş “Daş harayı” kitabını axtarırdım. Şəhərin az qala bütün kitab mağazalarını bir-birinə vursam da hər yerdə eyni cavabı eşidirdim: “Olub, çoxdan qurtarıb”. Mağazaların rəfləri isə ayrı-ayrı adlı-sanlı müəlliflərin yüksək zövqlə tərtib olunmuş çeşid-çeşid kitabları ilə aşıb-daşırdı. Bu axtarışımdan sonra bir daha inandım ki, elə eşitdiyim hekayədəki adı çəkilən şair yalnız Məmməd Araz ola bilərmiş.
Müdriklər deyiblər ki, hər şeydən öncə ilahi söz yaranıb. Insan oğlunun ilk tapınıb ram olduğu varlıq da söz olub. Sözünsə Allahı şairlər sayılıb. Füzulidən üzü bu yana. Sözün qiymətini canlarından əziz tutub söz sərrafları. Çiy kəlmədən, ucuz sözdən qorxduqları qədər heç tanrıdan da qorxmayıblar əsl şairlər.
            Bir talaya gedən yolda dayansam əgər,
            Bir zirvəyə gedən yolda qırılsa ömür
            Bir ürəyə gedən yolda qırılsa ömür...
            Ürəyimi bu torpağa basdırdım, demək,
            Nə zamansa bu yollarda söz göyərəcək.
Tarix boyu dövrün, zamanın tərcümanı olub əsl şairlər. Cəsur tarixçilərin, ağıllı salnaməçilərin  yazıb yarada bilmədikləri əsl tarixi qüdrətli söz  xiridarları qələmə alıblar. Dərdliyə dərman, xəstəyə şəfa verib doğru söz, düzgün kəlam. Qüdrətli orduların, yer batıran var-dövlətin  sahibi olan, Allahın özünə çox vaxt bəndəlik eləməyən şahlar, tiranlar belə söz əhli önündə çəkiniblər, şair qabağında eniblər.
            Çox şair yaşamış ağ gün möhtacı,
            Düşməni əyilməz bir vüqar olmuş.
            Fatehlər qılıncı, padşahlar tacı
            Bir lüt şairə də qibtəkar olmuş.
Məmməd Araz sözünün nə zamandan sehrinə düşdüyüm yadıma gəlmir. Yəqin ki, elə ağlım kəsəndən bu ilahi qüdrətin əsiri olmuşam. Elə o vaxtdan da qəlbimdə dağ gövdəli, çinar qamətli, danışanda səsi dağ çayı kimi gurlayan, yeriyəndə yerişindən yer titrəyən azman bir bahadır, yenilməz qüdrət sahibi canlanıb. Axı ondan başqa hansı söz sərkərdəsi bu əzəmətdə -
            Mən Arazdan şaxələnən çinardım,
            Ömrüm boyu tufan əydim, su yardım – deyə bilərdi.
Şairin özünü ilk dəfə görəndə, ipək kimi yumşaq, bir qədər də kövrək bir insan oğlu olduğunu biləndən sonra bu arıq xilqətin dünyanın özü boyda bir yükü çiyinlərində necə daşıdığına da heyrətlənmişəm. Və bir daha inanmışam ki, yalnız əsl şairlər davam gətirə bilər dünyanın bu boyda “get-gəllərinə”:
            Ağır bir sənətə könül bağladım,
            Bəxtimə də dərdin ağırı düşdü...
Məmməd Arazın daşıdığı dərd Vətən dərdi, yaşadığı ağrı millət ağrısıdır. Bu müqəddəs niskilin kökü minilliklərin dərinliklərinə işləyib. Yurdun vaxtsız xəzan vurmuş bir qönçəsinə də, düşmən gülləsinə tuş olmuş igid bir Vətən oğluna da, talan olub yağı tapdağına çevrilmiş yurd yerinə də Məmməd Araz misraları eyni göynərti ilə, yanğıyla yas tutub. Lakin Məmməd Araz şeri heç vaxt ağı qurmur, kədəri də insanı daxilən sarsılmaz bir qüvvətə, dönməz bir iradəyə kökləyir. Əbədiyaşar sənətin min bir əzablı yollarından nəfəs dərmədən keçən bahadır şair ömrü boyu sənətə vasitə kimi, şöhrət kimi baxmayıb. Sözün qədrini bilib, sənətin urvatını uca tutub:
            Qapılma şöhrətlər, tapılma şanlar,
            Kiminə yəhərdi, kiminə şallaq.
            Yüzü haqlayanlar, yüzü aşanlar
            Yenə də dünyadan uşaq getdilər.
Son zamanlar düşmən tapdağında olan qərib dağlarımız tez-tez düşür yadıma. Hərdən də mənə elə gəlir ki, dağ da canlıdır, yurdun keşiyini çəkən məğrur sərkərdədir. Basılanda, düşmənə enəndə o da insan kimi ağlayır, yas tutur. Bu anlarımda da ölməz şairimizin:
            Bəlkə bu yerlərə bir də gəlmədim,
            Duman salamat qal, dağ salamat qal, -
fəryadı gəlir qulağıma. Sən demə, şair fəhmi bu misraları pıçıldayanda dağlarımızın başına gələcək qəzavü-qədəri o zamandan duyurmuş. Duyurmuş və ağlayırmış igid dağlarımızı.
Sümüyünə və iliyinəcən şerdən yoğrulan Məmməd Arazın qələmindən yurdun hər çopur daşı, qayası belə sığala minir, gözəlləşir, yaxın bir sirdaşa çevrilir, səninlə danışır.
            Daş ayaqlı, daş əlli bir insan kimi
            Enib daşdan-daşa düşəm.
            Qayaların lal dilini başa düşəm –
deyən şair nə zamandır daşların, qayaların ən yaxın həmdəmidir.
Aqillərdən hansısa deyib ki, icazə verilmiş qəhrəmanlıq qəhrəmanlıq deyil. Məmməd Araz kövrək, həlim olduğu qədər də dönməz, igid, qəhrəman şairdir. Sözün buxovlandığı, fikrin dustaq olduğu dövrlərdə belə, bir gün də olsun Məmməd Araz poeziyası qınına sığınıb “gün keçirməyib”. Sözün qeyrətinə söykənib, keçilməz sədlər aşıb, dəmir buxovları qırıb, xalqın danışan dili olub onun şerləri. O taylı-bu taylı Azərbaycanın tale salnaməsinə çevrilib Məmməd Arazın yazdıqları:
            Mən təbrizli, naxçıvanlı, mən gəncəliyəm,
            Çox görmüşəm hasar üstə ölənləri də.
            Mən torpağı bölünməyə öyrəncəliyəm,
            Heç qazanan görməmişəm bölənləri də -
misralarını neçə il öncə yazanda da bu günlərimizin ağrılarını yaşayıb yaradıb.
Şair taleyi Məmməd Arazı həyatın çox qasırğalarından, burulğanlarından keçirib. Onun istedadına qısqananlar, sözünün qüdrətindən qorxanlar, əzəmətindən üşürgələnənlər şair qəlbinə fürsət düşdükcə  hər cür zərbə vurmaqdan çəkinməyiblər. Fəqət onlar unudublar ki, tarix çox amansız hakimdir. Onun mizan-tərəzisi heç bir rütbəyə, şan-şöhrətə baxan deyil. Sənətin məhək daşından isə əsl sənət, sənət döyüşündən isə əsl sənətkar üzüağ çıxır. Məmməd Araz sənəti kimi.      
Ömrün müdriklik zirvəsində - 60-cı baharında böyük şairimizə öz misraları ilə uğurlar diləyirik:
            Çox tozanaq atlını təmkin atınla keçdin,
            Sel boğan dərələri bir mərd qadınla keçdin.
            Bütün keçilməzləri, Vətən, adınla keçdim...
            Haqqın var, Məmməd Araz,
            Haqqın var yaşamağa.

1993.


 
Bizim Nizami yaşlı ağsaqqal, müdrik poeziyamız, eyni zamanda, həmişə gənclik həvəsli, gənclik ehtiraslı olub.
Əsl sənət «söz oxuna meylli» deyil
Başqa cür desək,  sənətkar insan  da dağlar kimidir.
Şair doğmalığı, şair yadlığı!
Təbiət arxayın idi, toxtaq idi. Ancaq zaman elə zaman idi ki,
Uzun müddət xatirə yazmağı xoşlamamışam. Elə indi də xoşlamıram.
Niyyətimiz haradır, Mənzilimiz?...
Ucalıq, mərdlik və dostluq poeziyası



free counters
Copyright© 2009 Saytı hazırladılar:
İdeya: İradə Tuncay
Dizayner: Nizami Allahyarov
Operatorlar: Mehriban Cəfərova, Gülər İsmayılova, Vüsalə Babayeva
Korrektor: Şamxal Şəbiyev
Site by: azDesign.ws