|     |     |  
 
         
   
 

MƏMMƏD ARAZLI GÜNLƏRİM
GÜLXANIM FƏTƏLİ QIZI

SƏNƏTDƏ SON MƏNZİL OLMUR
PUBLİSİSTİK YAZILAR VƏ MÜSAHİBƏLƏR

MƏN ÖZÜM BİLİRƏM NƏÇİYƏM NƏYƏM
HAQQINDA YAZILMIŞ MƏQALƏLƏR
 
 Aytək   ABDULLAYEVA

BƏDİİ  TƏSVİR  ƏLVANLIĞI

 Müasir Azərbaycan poeziyasında bir-birinə bənzəməyən  poetik nəfəsinin, fərdi üslubunun özünəməxsusluğu ilə seçilən şairlərimiz az deyil. Lakin, nədənsə ədəbi tənqiddə bu fərdi üslublar barədə nadir hallarda danışılır, bəzən isə ötəri qeydlərlə məsələ bitmiş hesab edilir. Hər bir şairin müasir poeziyada mövqeyini müəyyənləşdirmək, onun şerimizə gətirdiyi yeniliklərdən söz açmaq nəinki lazımdır, hətta zəruridir. Çünki bununla şairin, poetik fərdiyyətin nəyə qadir olduğu, özünəməxsusluğu daha bariz nəzərə çarpır. Bu baxımdan istedadlı şairimiz Məmməd Arazın poeziyası hər tərəfli araşdırmalara layiqdir. Sizə təqdim etdiyimiz bu yazıda da məqsəd Məmməd Arazın şerlərində diqqəti cəlb edən, onun bir şair kimi poetik uğurlarını təmin edən bədii təsvir vasitələrindən söz açmaqdır.
 
Məmməd Araz poeziyasını zənginləşdirən mühüm xüsusiyyət, ilk növbədə, təsvir və tərənnümdə məcaza üstünlük verilməsidir. Şairin elə şeri olmaz ki, bir obyekt nəyəsə oxşadılmasın, nə iləsə müqayisə edilməsin. Məsələn:
            Dünən əl çalındı bir sənətkara,
            Bir kürsü qulunun rəngi dəyişdi.
            Elə bil səhnədə çox sıralara
            Matəm buludundan su çilənmişdi.

            Qoy mən...
            Qara torpaq üstündə
            Üfüqə doğru gedən
            Ağ yola bənzəyim.
Belə nümunələrin sayını artırmaq da olar. Göründüyü kimi, belə bənzətmələr vasitəsilə müəllif çatdırmaq istədiyi fikrin, təsvirin təsirli çıxmasına imkan yaradır.
Çox vaxt müəllif bənzətmələrin daha mükəmməl növünü yaradır. Burada artıq bənzəmə qoşmalarına,  əlavə sözə ehtiyac qalmır. Bənzəyənlə bənzədilən birbaşa qarşılaşdırılır, bənzəyənin üstünlüklərini daha qabarıq nəzərə çatdırır. Məsələn, aşağıdakı nümunələrə diqqət yetirək:
            ... Yel əsdi, yarpaqlar suya töküldü,
            Göy çitə tünd sarı güllər tikildi.
  
            ... Ağıllı başların qəzəbi – kibrit,
            Dünyamız bir taya quru küləşdi.
Şerdəki emosionallığın qüvvətləndirilməsində, təsvirin bu və ya digər cəhətinin oxucuya daha qabarıq çatdırılmasında istiarələr böyük rol oynayır. Istiarələrdə bənzədilənin yalnız bir əlaməti saxlandığına görə təsvir olunan cansız əşya  və ya obyekt çox vaxt insana və ya hər hansı bir başqa canlıya məxsus keyfiyyəti özünə götürür. Məsələn:
            Dağlar da diksinir bu əhvalımdan,
            Xəzrini vağzala qaçırdır Xəzər.
            Çinarlar, qovaqlar evlər dalından
            Boylanıb, aramla əl eləyirlər.

            ... Ocaq cırtıldayır, közü dərində...
            Axıdır gözünün yaşını çırpı.

            ... Dalımca su səpir yoxsa buludlar?
Nümunələrdə “diksinmək”, “qaçırtmaq”, “boylanmaq”, “əl eləmək”, “göz yaşı axıtmaq”, “su səpmək” kimi insana məxsus hərəkətləri, xüsusiyyətləri görürük, lakin insanın özünü görmürük, çünki bu xüsusiyyətlər təbiətin bu və ya digər hadisəsinə şamil edilir, hər hansı cansız əşyanın simasında özünü göstərir.
Müəllif insandan, ümumiyyətlə, canlıdan danışanda da onu təbiətlə müqayisə edir, insanın hər hansı bir xüsusiyyətini təbiət hadisəsi ilə, cansız əşya ilə bir sıraya qoyur. Məsələn:
            O tutuldu, o qaraldı, doluxsundu;
            Elə bil ki, su sənəyi dolu sındı;
            Su alışdı, su danışdı saxsılara,
            Saxsılar da haray saldı ağ sulara...
Dediklərimiz onu təsdiq edir ki,  şair təbiətə əsl övlad münasibəti bəsləyir, onun hər ağrı-acısını öz ürəyi ilə yaşayır, onu insan simasında canlandıraraq bizə daha da sevdirir. O biri tərəfdən, insanın özünü təbiət kimi qələmə verir, lakin bununla onu heç də süstləşdirmir, əksinə, təbiətlə doğmalığını nəzərə çatdırır, həm də sənətkarlıqla, ustalıqla zövq oxşayan lövhələr yaradır.
Bədii təyinlər də istedadlı şairin qələmindən tez-tez çıxır.
            Dalımca tarlalar, düzənlər axır,
            Yol payı gətirir Mil bacım demə.
            Bəstəkar qardaşım Kür yola çıxıb,
            Nəğmə bağışlayıb – bir dərə nəğmə.
Bəndin hər misrası məcazın müxtəlif növlərinə misal ola bilər. Müəllif Kürü qardaş, Mili bacı adlandırır, özünün təbiətə doğma münasibətinin ifadəsinə nail olur, insanların da təbiətin bir övladı olduğunu nəzərə çatdırır.
Bədii təyinlərdən tərənnüm daha çox qida alır. Aşağıdakı şer parçası kimi nümunələr istənilən qədərdir – Məmməd Araz poeziyasında yeganə hal deyil:
            Dağların pələngi, şiri də sənsən,
            Şairi də sənsən, şeri də sənsən.
            Varı, bərəkəti, xeyri də sənsən –
            Çoban salamat qal, sağ salamt qal.
Bu bənddə bədii təyinlər çobanı vəsf edir. Aşağıdakı nümunələrdə isə şair bədii təyinlər vasitəsilə çayı, bulağı əzizləyir.
            Bu dağlarda hər çay igid,
                                                  hər bulaq gəlin...
            ... Mələyə-mələyə quzu bulaqlar
            Daşların dibində yetim qaldılar.
Məmməd Araz şerlərindəki bədii təsvirlərin əksəriyyəti yenidir, lakin klassik poetik ənənələrlə bağlı nümunələr də az deyil. Məsələn:
            Bu görüş nə acı qismətmiş bizə,
            Elə bil bir kədər gölünə düşdük, -
beytindəki “acı qismət”, “kədər gölü” söz birləşmələri belələrindəndir.
Sənətkar öz fikirlərinin təsir gücünü artırmaq məqsədilə bəzən qəsdən onları üstüörtülü şəkildə çatdırmağa cəhd edir və qüvvətli rəmzlər yaradır. Rəmzlərin bir qismi asan başa düşülür və adı çəkilən kimi sözün arxasında nəyin nəzərdə tutulduğu təsəvvürümüzdə canlanır. Məsələn: “Təbriz” Azərbaycanın cənubunun, “yeni dünya”  Amerikanın rəmzi kimi dilimizdə vətəndaşlıq hüququ qazanmışdır.
Sənətkarın yaratdığı bir sıra rəmzlər yalnız kontekst daxilində başa düşülür, yəni şeri oxumadan “bu söz nəyin rəmzidir” sualına biz cavab verə bilmərik, lakin onun mənasını əsərin süjeti daxilində, digər surətlərin əhatəsində həmin andaca başa düşürük. Məsələn, aşağıdakı şer parçasına diqqət edək:
            Sənin şənliyinə o tac gəlmədi,
            Sənin şənliyinə o tay gəlmədi.
            Şəhriyar gəlmədi.
Əgər şeri axıracan oxumayıb, “Şəhriyar” adına rast gəlməsək, söhbətin hansı tacdan getdiyini anlaya bilmərik. “O tay” məfhumu yadımıza bir qədər Arazı, cənublu qardaşlarımızı salır, lakin Azərbaycan poeziyasının tacı ustad Şəhriyarın adını gördükdə qəti fikrə gələ bilirik, “rəmzin” sirrin açırıq.
Şifahi xalq ədəbiyyatında və klassik poeziyada geniş işlənən məcaz növlərindən biri də şişirtmədir. Şişirtmədə də haqqında danışılan obyekt, hadisə başqa bir obyektlə,  hadisə ilə müqayisə edilir, ona oxşadılır. Lakin bənzətmədə, istiarədə oxşarlıq inandırıcı olur, şişirtmədə isə, adından da göründüyü kimi, bənzəyənlə bənzədilən arasında göylə yer arası qədər fərq var, ümumiyyətlə, hökmün özü uydurma kimi səslənir. Elə ona görə də əsl sənətkarlar öz şerlərində şişirtmədən bol-bol yox, yalnız yeri gələndə, bədii situasiya özü onu tələb edəndə istifadə edirlər. Məmməd Araz şerlərində şişirtmənin mövqeyi məhz bu cürdür: nə az, nə çox. Lakin belə təsvirlərin öz incəlikləri var: onun vasitəsilə əsərdə təsvir olunan kədərinmi, sevincinmi və ya hər hansı başqa bir halın, hadisənin böyüklüyü haqqında oxucuda təsəvvür yaranır. Məsələn, Məmməd Araz yaradıcılığından gətirilən aşağıdakı nümunələr dediklərimizi təsdiq edır:  
            Babamın gur səsi vardı.
            Babam bəzən
            Elə bərkdən danışardı –
            Az qalırdı taxçadakı
            Çıraq sönə.
            Yarpaqlar da tab
                                          gətirməzdi
            Gülüşünün ləpəsinə.
Sanki çırağı söndürməsi, gülüşün yarpaqları ağacdan yerə tökməsi inandırıcı deyil, lakin insan səsinin gücünü göstərmək, həm də bir qədər yumor çaları yaratmaq üçün belə şişirtmə yerinə düşür. Aşağıdakı beytdə də şişirtmə məcaziliklə, yumorla yoğrulmuşdur:
            Sən çənə tərpətsən tilsimlər sınar.
            Qaşqabaq sallasan tufan qopardı.
Məmməd Araz şişirtmələri sənətkarlıqla kəşf edib işlətdiyi kimi, litota-kiçiltmələri də vaxtında, lazımı yerində yaradır.
            Qarışqayla keçmək olar sel qabağından,
            Sözü bütün tay-tuş olsa sözü bütünlə.
Burada şair bir-birini başa düşən, anlayan insanların dostluğunun, möhkəmliyinin, qırılmazlığının ifadəsi üçün litota yaradır. Kiçikliyin rəmzi olan “qarışqa”  ilə böyüklüyün, nəhayətsizliyin rəmzi “sel” i qarşılaşdıraraq, təzad vasitəsilə bəhs etdiyi dostluğun gücünü göstərir.
Məmməd Araz şerlərinin emosiyaca zəngin çıxmasında müəllifin yaratdığı bədii təkrir, bədii sual və bədii nidalar xüsusi rol oynayır. Bədii təkririn şifahi və klassik poeziyamızda möhkəm ənənəsi var. Şairin yaradıcılığı hər iki ənənəyə bağlı olduğundan onun şerlərində klassik ədəbiyyatdan gələn ifadə tərzinə də rast gəlirik. Məsələn, aşağıdakı şer parçasında “oxu” sözü hər misranın əvvəlində təkrar olunaraq anafora təşkil edir:
            Oxu, bir aram-aram,
            Oxu, bir həzin-həzin.
            Oxu, çöllər uyusun,
            Oxu, dağlar titrəsin...
            Araz yadıma düşüb...
Saza müraciətlə yazılmış bu misraları oxuyarkən yadımıza başqa müraciət – tara müraciət düşür: Azərbaycan sovet ədəbiyyatının klassiki Müşfiqin “Tar” şerindəki “Oxu tar, oxu tar, səni kim unudar?!”  kimi məşhur misralarını xatırlayırıq. Məmməd Araz ənənələrlə bağlı olduğu qədər də novator şairdir. Onun heç kimə bənzəməyən, şerimizlə yeni səslənən bədii təkrirləri də çoxdur. Aşağıdakı misal bədii təkririn şerdəki fikri daha təsirli çatdırmaq imkanını göstərir:
            Təbrik yağdırırdı məktəblər ona –
            Ana dilində.
            Təbrik yağdırırdı məktublar ona -    
            Ana dilində.
Bənddə həm nanforaya, həm də epiforaya nümunə var. Bu təkrirlər sözlərin sadəcə təkrarı deyil. Onların vasitəsilə müəllif, şerini həm formaca zənginləşdirir, səslənməsini musiqiləşdirir, həm də məzmununun kəsərini artırır. Belə ki, “Şəhriyar gəlmədi” şerindən seçilən bu nümunələr Cənubi Azərbaycanda isə hər bir azərbaycanlının öz doğma dilində yazıb-oxumağa imkanı olduğunu təkrirlə nəzərə çatdırır.
M. Araz şerlərinin kəsərinin, hiss-həyəcan duyumunun bir sirri də bədii sual və bədii nidalardır. Bəzən onlar, aşağıdakı şerdə olduğu kimi, çulğalaşır:
            Bir ildən sonramı başlayar
                                                  gedər-gəlməz?     
            Gedər-gəlməz!
            Bəs varmı görəsən
            Gedər-gəlməz,
            Ölər-itməz,
            Itər-ölməz qanunları?
            “Var!” deyirəm öz-özümə.
            Bəs biz nəyik!
Fikirlərin düzülüşü çox maraqlıdır, müəllif şeri sual-cavab şəklində quraraq qoyduğu suallara özü cavab verir. Şerdəki nida və suallar cavabları inandırıcı, fikirləri qüvvətli edir.
Bədii nida çox halda şairin dadına çatır. Bir kəsə kinayə edəndə də, kimdənsə, nədənsə incikliyini bildirəndə də bədii nida köməyinə gedir:
            Məndən ötdü!..
            Məndən ötdü!..
            Sevincə bax, qeyrətə bax!
            Bunu yazan xilqətə bax!
            Məndən ötdü!..
ŞAİRİN  yaratdığı  bədii nidalar sevinci, kədəri, nisgili, bəşəriyyətin sabahı üçün narahatlığı, həyəcanı və bu kimi psixoloji ovqatları bildirməkdə mühüm rol oynayır.
Məmməd Araz poeziyasının gözəlliyi, bənzərsizliyi onun dilinin gözəlliyi, orijinallığı ilə qırılmaz surətdə bağlıdır. Sözlərin məcaziliyi, əsərin təsir gücünü qat-qat yüksəldən bədii sual və nidalar, bədii təkrirlər, sözlərin yanaşı işlənmə variantlarının müxtəlifliyi – hamısı şerlərin dilinə ayrı bir məlahət, məna duyumuna ayrı bir çalar gətirir.
Şerin axıcılığını, qulağa yatımlığınını təmin edən vasitələrdən biri alliterasiyadır ki, bu üsuldan şair öz şerlərində - bu və ya digər təbiət hadisəsinin təsvirində, daxili hiss və həyəcanın, müəyyən bir mənzərədən aldığı təəssüratın bildirilməsində geniş istifadə edir.
“Muğanın şikayəti” şerindən gətirilən bu misralarda şair “göz” sözünü ustalıqla işlədir.
            Gözündə gözü qalan
            Bulaq da gileylənir...
“Gözündə göz izi var” xalq ifadəsini xatırladan “gözündə gözü qalmaq” birləşməsinə üstəlik “gileylənmək” sözü də qoşulur və səs vahidliyi yaranır. Bulağın ceyranın qara gözlərinin həsrətilə çağlanması fikrinə belə zərif don geyindirilir.
            Burda hər zirvəni zirvə qoruyur,
            Qartal gözləriylə baxır qayalar.
            Bir gündə neçə yol bir qartal boyu
            Alçalır qayalar, qalxır qayalar.
Gördüyümüz kimi, bu nümunədə də: “burda”, “baxır”, “bir”, “qartal”, “qayalar”, “qalxır” sözləri elə işlədilir ki, bir-birinin ardınca gəlib, səs birliyi yaradır.
Şair xalqın dilində daşlaşmış birləşmələrdən də istifadə edib qüvvətli alliterasiyalar yaradır. Məsələn, “bomboz bozarmaq”, “par-par parıldamaq” ifadələriylə yanaşı “b” və “p” səsləri ilə başlanan sözlərin işlədilməsi nəticəsində aşağıdakı beytlər uğurlu çıxmışdır:
            Səhər-səhər göy bulaqlar  bomboz bozarar,
            Göy yarpaqlar boğularlar boz civiltidən.

            Eyfel qülləsindən Parisə baxdım,
            Par-par parıldayan Pari, Paridir.
Məmməd Araz tam mənada, söz ustadıdır. O, sözlərdən elə bədii füqurlar yaradır ki, sənətkarlıq istedadına heyran olmaya bilmirsən. Məsələn, bəzən təyinlə təyin olunan elə bir beytdə yerlərini dəyişə bilirlər:
            Doğar ürəkli ağıl,
            Ağıllı ürək onu,
            Bəzən bu gün itirər,
            Tapar gələcək onu.
“Ağıllı ürək”, “ürək ağıl” söz birləşmələri bəşəriyyətin nadir xüsusiyyəti olan istedadı doğuran ağılla humanizmin, rasional idrakla hissi idrakın vəhdəti kimi hikmətin ifadəsini çox gözəl verir.
Yazılı poeziyamızın ilk məlum nümayəndəsi İzəddin Həsənoğlunun məşhur qəzəlindən bir beyti xatırlayaq:
            Apardı könlümü bir xoş qəməryüz canfəza dilbər,
            Nə dilbər, dilbəri-şahid, nə şahid, şahidi-sərvər.
Qəzəlin sonrakı beytlərinin ikinci misrasında da bu cür forma, yəni izafətin ikinci tərəfinin sonrakı izafətin birinci tərəfi yerində çıxış etməsi saxlanılır. Məmməd Araz da öz yaradıcılığında  bu cür söz düzümündən bəhrələnmişdir. Məsələn, aşağıdakı nümunədə birinci təyini söz birləşməsinin ikinci tərəfi sonrakı təyini söz birləşməsinin birinci tərəfi yerində işlənir.
            O işıqlar biləcəkmi:
            Ayrılığın toranları
                                        nə deməkdir?!
            Toranlığın boranlığı
                                         nə deməkdir?!
            Boranlığın qaranlığı
                                         nə deməkdir?!
Məmməd Araz poeziyası tez yadda qalan, dillər əzbəri olan hikmətli sözlər, aforizmlərlə boldur. Belə ifadələr həyatdakı bu və ya digər hadisəni başa düşməkdə, ömrün enişli-yoxuşlu dolanbaclarından baş çıxarmaqda  insana kömək əli uzadır, dan ulduzu kimi parlayıb yol göstərir:
            ... Ana yurdum, hər daşına üz qoyum,
            Hər dərəndə çaldığım saz yaşayır...
            ... Mən torpağı bölünməyə öyrəncəliyəm,
            Heç qazanan görməmişəm bölənləri də.
Çəkdiyimiz nümunələrin hamısı Azərbaycan sovet poeziyasının görkəmli nümayəndəsi Məmməd Araz şerlərinin aktuallığını, bədii gözəlliyini, idraki əhəmiyyətini bir daha təsdiq edir. Bunlar onu göstərir ki, istedadlı şair, publisist Məmməd Araz Azərbaycan şifahi və klassik ədəbiyyatının ən yaxşı mütərəqqi keyfiyyətlərindən bəhrələnərək yeni şer yolunu düzgün seçmiş, ənənə ilə yeniliyin dialektik vəhdətini yaradıcılığında əks etdirmişdir.

1991
 
 
Bizim Nizami yaşlı ağsaqqal, müdrik poeziyamız, eyni zamanda, həmişə gənclik həvəsli, gənclik ehtiraslı olub.
Əsl sənət «söz oxuna meylli» deyil
Başqa cür desək,  sənətkar insan  da dağlar kimidir.
Şair doğmalığı, şair yadlığı!
Təbiət arxayın idi, toxtaq idi. Ancaq zaman elə zaman idi ki,
Uzun müddət xatirə yazmağı xoşlamamışam. Elə indi də xoşlamıram.
Niyyətimiz haradır, Mənzilimiz?...
Ucalıq, mərdlik və dostluq poeziyası



free counters
Copyright© 2009 Saytı hazırladılar:
İdeya: İradə Tuncay
Dizayner: Nizami Allahyarov
Operatorlar: Mehriban Cəfərova, Gülər İsmayılova, Vüsalə Babayeva
Korrektor: Şamxal Şəbiyev
Site by: azDesign.ws