|     |     |  
 
         
   
 

MƏMMƏD ARAZLI GÜNLƏRİM
GÜLXANIM FƏTƏLİ QIZI

SƏNƏTDƏ SON MƏNZİL OLMUR
PUBLİSİSTİK YAZILAR VƏ MÜSAHİBƏLƏR

MƏN ÖZÜM BİLİRƏM NƏÇİYƏM NƏYƏM
HAQQINDA YAZILMIŞ MƏQALƏLƏR
 

 Ramiz  ƏSGƏR

HEYRƏTLƏNDİRƏN   ŞAİR

            Vətən mənə oğul desə, nə dərdim? -
            Mamır olub qayasında bitərdim.
                                                               Məmməd  Araz
Poeziya – heyrət deməkdir; - şer heyrətdən doğur. Şair Məmməd Arazın bütün yaradıcılığı bu heyrətin məhsuludur. Bu poeziya oxucunu ikiqat heyrətləndirir. Heyrətin birinci səbəbi şairin böyük ilhamla yazılmış hər bir əsəridir. Çünki Məmməd Arazın səmimiyyətlə dolu olan hər bir şeri hamımıza və ayrılıqda hər birimizə doğma olan hissləri ifadə edir. Heyrətin ikinci səbəbi şair özüdür. Onun istedadı, heyrətlənmək və heyrətləndirmək bacarığıdır.
Poeziya – sirlə kəşf arasında bir addımdır. Məmməd Araz hər addımında öz kəşflərilə heyrətləndirir. O, hər an görüb duyduğumuz şeyləri tamamilə başqa – yeni gözlə görür, kəşf edir.
Məmməd Araz heyrətinin bir mənbəyi var: Azərbaycan torpağı, ana Vətən, onun tarixi, onun gözəllikləri, bir sözlə, Azərbaycanla bağlı hər şey...
Məmməd Araz incə, xəfif, kövrək çalarlarla möhtəşəm lövhələr yaradan şairdir. O, yalnız şair deyil, həm də rəssamdır. Bu da bir misal:
            Azərbaycan – qayalarda bitən bir çiçək,
            Azərbaycan – çiçəklərin içində qaya.
            Mənim könlüm bu torpağı vəsf eləyərək,
            Azərbaycan dünyasından baxar dünyaya.

            Azərbaycan – mayası nur, qayəsi nur ki...
            Hər daşından alov dilli ox ola bilər.
            “Azərbaycan” deyiləndə ayağa dur ki,
            Füzulinin ürəyinə toxuna bilər.
Məmməd Arazın Azərbaycana, onun övladlarına həsr edilmiş bütün şerlərində eyni həssaslıq, eyni müşahidə, eyni səmimiyyət və nəhayət, eyni heyrət hakimdir. Məsələn, dramaturq Cəfər Cabbarlının sənətini tərənnüm edən “Cəfər yolu” şerini götürək. Cabbarlının yaradıcılığını hamımız yaxşı bilir və sevirik. Amma ədibi heç kəs Məmməd Araz kimi kəşf edə bilməz.
Şerdən bir parçaya diqqət edək:
            Xəyalımın ağ düzündən
            Bir yol keçər – Cəfər yolu.
            Fikrimin nur dənizindən
            Bir yol keçər – Cəfər yolu.
            Tarixlərə nəqş olunmaq cürətimin
            Gecəsindən-gündüzündən
            Bir yol keçər – Cəfər yolu...
            Cəfər yolu – cəfa yolu,
            Sənətinə vəfa yolu,
            Cəfər yolu –
                    zəfər yolu!
            Neçə sənət səyyahının
            Tapmadığı əbədiyyət qitəsinə
                    səfər  yolu!
Məmməd Araz kövrək və həzin bir şairdir. Qarış-qarış dolaşdığı Azərbaycan torpağının hər guşəsi ona eyni dərəcədə əzizdir. Şair bir dəfə keçdiyi yerdən yenə keçmək istəyir. Lakin bu, ona həmişə müyəssər olmur. Ayrılıqdan doğan xiffət və həsrət nə vaxtsa şerə dönür. Bir şair qəlbinin narahat titrəyişi misralara hopur. Oxucu belə şeri oxuduqca kiminsə, nəyinsə həsrətini bir az unudur, ovunur, təsəlli tapır. Məmməd Araz ana yurdun hər guşəsində öz ürəyini xatirə qoyur.
            Ey dəvə yol, düşdüm daha belindən,
            Ovsar cığır, çıxdın daha əlimdən,
            Balam çiçək, bir də öpüm telindən,
            Salamat qal, salamat.

            Duz axtaran körpə cüyür balası,
            Ağ daşlara körpə cığır salası...
            Qayaların su saxlayan çalası,
            Salamat qal, salamat.

            Ildırımlar buludların pələngi,
            Paslanacaq mənsiz şimşək üzəngim.
            Eh, ya qismət, a şəlaləm, a cəngim,
            Salamat qal, salamat.

            Bulaq gördüm, uşaq kimi ərköyün,
            Məni gəzər məndən qaçan ürgəyim.
            Salamat qal, bu dağlarda, ürəyim,
            Salamat qal, salamat!
Məmməd Araz yalnız ürəyini dağlarda qoymur. O, bütün cismani və mənəvi varlığını Azərbaycan torpağı ilə vəhdətdə görür. Odur ki, canından artıq sevdiyi Vətənə xitabən yazır:
            Ana yurdum, hər daşına üz qoyum,
            Hər dərəndə çaldığım saz yaşayır.
            Kimi sənin çiynində, sən kiminin,
            Şöhrətini yaşadan az yaşayır.

            Gülüm, bir də görüşünə yubansam,
            Adımı tut, harda dağlar dumansa,
            Gözünü sıx, hansı daşda su yansa,
            O daş altda Məmməd Araz yaşayır.
“Gözünü sıx, hansı daşda su yansa...” Bütün daşlarda su yanacaq! Çünki şair bir şerində Vətənin hər daşını “alov dilli ox”a bənzədir. Su isə yalnız alovla qarşılaşdıqda yanır. Deməli, Məmməd Araz Azərbaycanın hər millimetrində , hər qarışında var. Bəlkə elə buna görə də şair hər qayaya, hər daşa bir ər insan kimi baxır və özünü də həmin daşlardan biri hesab edir. O deyir:
            Qayaların keçmişini
                    qayalara yazdım deyə,
            Onda Vətən sanar məni
                    bir balaca Vətən daşı,
            Vətən daşı olmayandan
                    Olmaz ölkə vətəndaşı.
Insan şair olmaya bilər, lakin o, vətəndaş olmağa borcludur. Məmməd Araz isə həm şair, həm də vətəndaşdır. Vətənin keçmişi, bu günü, sabahı onu eyni ciddiyyətlə düşündürür. Xüsusilə XVII – XVlll əsrlər Azərbaycan xanlıqlarının daxili çəkişmələri və feodal müharibələrinin ana Vətənə vurduğu yaralar, Azərbaycanın parçalanması ilə nəticələnən faciə onu həmişə narahat edir. Buna görə də tarixi keçmişə müraciət  Məmməd Araz yaradıcılığının təməl daşlarından biridir. “Deyirlər tapılıb Babək qılıncı”, “Ərimgəldi qayası”, “Nobel mükafatı” və digər şerlər tariximizin müxtəlif dövrlərinə həsr olunub. Bu şerlər arasında “Məndən ötdü, qardaşıma dəydi...” şeri Məmməd Arazın necə böyük vətəndaş və gözəl şair olduğunu göstərir.
Məmməd Arazın şerləri bir çox xalqların dilinə tərcümə olunmuşdur. Hazırda ömrünün 55-ci baharını yaşayan Məmməd Araz yaradıcılığının ən coşqun dövrünə qədəm qoymuşdur. Onun axtarışları və kəşfləri davam edir. Oxucular bu heyrətlənən və heyrətləndirən şairdən hələ çox şey gözləyirlər.
1988-ci il Azərbaycan SSR Dövlət mükafatına layiq ğörülməsi münasibətilə Məmməd Arazı ürəkdən təbrik edir, ona yeni-yeni yaradıcılıq nailiyyətləri arzulayırıq.

 1988




               

 
 
Bizim Nizami yaşlı ağsaqqal, müdrik poeziyamız, eyni zamanda, həmişə gənclik həvəsli, gənclik ehtiraslı olub.
Əsl sənət «söz oxuna meylli» deyil
Başqa cür desək,  sənətkar insan  da dağlar kimidir.
Şair doğmalığı, şair yadlığı!
Təbiət arxayın idi, toxtaq idi. Ancaq zaman elə zaman idi ki,
Uzun müddət xatirə yazmağı xoşlamamışam. Elə indi də xoşlamıram.
Niyyətimiz haradır, Mənzilimiz?...
Ucalıq, mərdlik və dostluq poeziyası



free counters
Copyright© 2009 Saytı hazırladılar:
İdeya: İradə Tuncay
Dizayner: Nizami Allahyarov
Operatorlar: Mehriban Cəfərova, Gülər İsmayılova, Vüsalə Babayeva
Korrektor: Şamxal Şəbiyev
Site by: azDesign.ws