|     |     |  
 
         
   
 

MƏMMƏD ARAZLI GÜNLƏRİM
GÜLXANIM FƏTƏLİ QIZI

SƏNƏTDƏ SON MƏNZİL OLMUR
PUBLİSİSTİK YAZILAR VƏ MÜSAHİBƏLƏR

MƏN ÖZÜM BİLİRƏM NƏÇİYƏM NƏYƏM
HAQQINDA YAZILMIŞ MƏQALƏLƏR
 
 Kamil  QURBANOV

GÖZƏL  SƏNƏT  NÜMUNƏLƏRİ

Hər bir sənətkarın yaradıcılığının fəlsəfi və estetik baxımdan dəyəri xalqının arzu və istəklərini, Vətənin qayğılarını, real həyat hadisələrini vaxtında bədii cəhətdən əks etdirə bilməsi səviyyəsi ilə ölçülür. Bu cəhətdən “Azərnəşr” tərəfindən 1986-cı ildə çapdan buraxılmış M. Arazın “Seçilmiş əsərləri” (şerlər və poemalar) diqqəti xüsusilə cəlb edir. Kitabda şairin 260 şeri və 5 poeması toplanmışdır. Həmin şerlərin və poemaların əksəriyyəti müxtəlif illərdə ayrı-ayrı kitablarda nəşr olunduğu üçün biz onların təhlilini verməkdənsə, bəzi məziyyətləri haqqında ümumi şəkildə danışmağı faydalı bildik.
Ilk şerlərindən başlamış bu günə qədər fəlsəfi və estetik baxımdan poeziyamızın gözəl nümunələrini yaradan M. Araz təravətli, bənzərsiz, novator və mütəfəkkir şairdir. Təravətlidir, ona görə ki, bu poeziya qaynar bir bulaqdır ki, hələ neçə-neçə nəsillər bu bulaqdan su içməli olacaqdır. Bənzərsizdir, ona görə ki, şair özündən əvvəlkiləri və müasirlərindən heç kimi yamsılamır, yalnız özünəməxsus, Məmməd Araz sayağı, keçilməmiş bir yolla otuz ildir ki, uğurlu addımlarla irəliləyir. Novatordur, ona görə ki, “Seçilmiş əsərlər”dəki şerlər forma əlvanlığına, deyim üsulu baxımından yeniliyə və obrazlılığa malikdir. Mütəfəkkir şairdir, ona görə ki, M. Araz dərin müşahidəçilik qabiliyyətinə malik olduğu üçün fəlsəfi ümumiləşdirmələr aparmaq yolu ilə hadisələrin daxilində olan çox incə çalarları üzə çıxarıb (əslində kəşf edib, tapıb) əlvan bədii lövhələrlə oxucuya çatdırır. Təkcə, müəllifin “Dünya sənin, dünya mənim, dünya heç kimin” misrasında görün nə qədər dərin fəlsəfi məna, sirli hikmət vardır.
“Dünya sənin, dünya mənim...” şerinin fəlsəfi tutumu və estetik dəyəri baxımından M. Araz yaradıcılığında xüsusi yeri və əhəmiyyəti vardır. Cəmi 20 misradan ibarət olan bu şer şairin həyat və ölüm, insan və dünya, həyatın mənası haqqında fəlsəfi simfoniyasıdır. Insan həyatının müvəqqəti və keçici olması, dünyanın həm sənə, həm mənə məxsusluğu, eyni zamanda onun heç kimə məxsus olmaması, şüurdan asılı olmayaraq və ondan kənarda mövcudluğu ideyası bu şerdə gözəl bədii həllini tapmışdır. Bütün zamanlar üçün aktual olan həyat və ölüm, insan və dünya kimi çətin və ümumbəşəri problemin yüksək səviyyəli bədii həllini vermək şairdən böyük hünər və gərgin yaradıcılıq axtarışları tələb edir. M. Araz bu çətin və şərəfli vəzifənin uğurlu həllini verməklə, poeziyamızın qızıl fonduna yeni bir töhfə bəxş etmişdir.
Məna və məzmun zənginliyi, forma əlvanlığı, mahiyyət dərinliyi bu əsərdəki əksər şerləri səciyyələndirən xüsusiyyətlərdir. Bütövlükdə M. Araz poeziyasını əlvan çiçəklərlə zəngin olan yaşıl bir çəmənliyə bənzətmək olar ki, bu çəmənlikdə hər bir çiçəyin öz rəngi, ətri, forması və ölçüsü vardır.
Poeziyamızın bədii yetkinlik və bitkinlik səviyyəsinə qalxan M. Araz şerləri müasir oxucunun estetik və mənəvi zövqünə cavab verir və məhz bu səbəbdəndir ki, milyonların qəlbinə yol tapa bilir.
Əsərdəki şerlərin poetik zənginliyi fikrin dərinliyindən, gerçəkliyə uyğun olaraq inkişaf halında götürülməsindən irəli gəlir. Şerlərdəki misralar inkişaf edərək mücərrədlikdən təfəkkürdəki konkretliyə doğru yüksəlir və bu yüksəlmə prosesində təsvir olunan hadisənin ideal obrazının bədii ifadəsi bütün zənginliyi ilə öz əksini tapır. “İnsan – qayalar”, “Dərə”, “Bu yerlər, o yerlər”, “Ağlayan qayalar”, “Tarixçi alimə” və s. şerlər yuxarıda dediklərimizə gözəl misaldır və bir qayda olaraq bu tipli şerlərdə şair təbii amillərlə sosial amilləri vəhdət halında götürür, təbii olan bir şeydə sosial olanın kökünü, məğzini və tarixini araşdırır. M. Araz özünün təbiətə həsr olunan şerlərində təsvir etdiyi əşyanı daim hərəkətdə götürdüyünə görə bu əşyaları cana gətirir, insanlığın və cəmiyyətin tarixi ilə bağlayır. “Dərə” şerində deyildiyi kimi:

            Onda eraların hiddəti yatır,
            Doğulub öldüyü  müddəti yatır.
Təbiət hadisələrinin təsvirinə həsr olunan şerlərin məziyyətlərinən digəri də budur ki, bir qayda olaraq bu şerlər ictimai motivlərlə zəngindir və şerin sonluğu vətəndaşlıq pafosu ilə başa çatır:
            Qayaların keçmişini qayalara
                        yazdım deyə.
            Onda sanar məni
                        bir balaca Vətən daşı,
            Vətən daşı olmayandan
                        olmaz ölkə vətəndaşı...
                                                          (“İnsan qayalar”)
Xalqa – ana yurda xidmət etmək, Vətənin ləyaqətli oğlu olmaq arzusu əsərdəki şerlərin əsas ideyasını təşkil edir. Şübhəsiz ki, bu şerlərin güclü tərbiyəvi əhəmiyyəti vardır. Onlar oxucu qəlbində kövrək, səmimi, ülvi duyğular oyatmaq təsirinə malikdir. Şerdəki sözlər xalq dilinə yaxın sadə, oynaq və aydın olduğundan oxucu qəlbinə tez yol tapır, onun xoş və şirin duyğularına çevrilir. Şair oxucunu riqqətə gətirərək, onu kövrək duyğular aləminə çəkib aparır. Əsərdəki şerlər şüurlara xeyir, ədalət, əxlaqi borc, təmiz vicdan, əməyi və Vətəni sevmək, yoldaşlıq və dostluq, insanilik, mərdlik, doğruçuluq və sadəlik, təvazökarlıq kimi yüksək əxlaqi keyfiyyətlər aşılayır.
Şerlərə xas olan mübarizlik, əqidəlik və vətəndaşlıq pafosu sovet adamını ideya cəhətdən mətinləşdirir, onun ölkənin əsl vətəndaşına çevrilməsində ideoloji bir vasitə olur.
            Azərbaycan – mayası nur,
                    qayəsi nur ki...
            Hər daşından alov dilli ox ola bilər.
            “Azərbaycan” – deyiləndə
                    ayağa dur ki,
            Ana yurdun ürəyinə toxuna bilər.              
                                            (“Azərbaycan – dünyam mənim”)
Əsərdəki şerlərin sosialist  gerçəkliyimizi, həyat tərzimizi dərk etməkdə böyük idraki əhəmiyyəti vardır. Bu şerlər təbiətdəki rəngarəngliyi, ana torpağı konkret bədii obrazlar vasitəsilə dərk etməkdə güclü bir ideoloji vasitədir. Onun bəzi şerlərində rast gəldiyimiz yanıqlı kədər hissi kövrək olduğu qədər də mübarizdir. Bu kədər insanı düşündürür və yeni həyat uğrunda mübarizəyə səsləyir.
M. Araz təbii, parlaq istedadı, qüdrətli dialektik təfəkkürə malik olmaq sayəsində poeziyamızın qızıl fonduna daxil olan gözəl şer nümunələri  yaratmaqla ümumxalq məhəbbəti qazanmışdır.

 1987





 
Bizim Nizami yaşlı ağsaqqal, müdrik poeziyamız, eyni zamanda, həmişə gənclik həvəsli, gənclik ehtiraslı olub.
Əsl sənət «söz oxuna meylli» deyil
Başqa cür desək,  sənətkar insan  da dağlar kimidir.
Şair doğmalığı, şair yadlığı!
Təbiət arxayın idi, toxtaq idi. Ancaq zaman elə zaman idi ki,
Uzun müddət xatirə yazmağı xoşlamamışam. Elə indi də xoşlamıram.
Niyyətimiz haradır, Mənzilimiz?...
Ucalıq, mərdlik və dostluq poeziyası



free counters
Copyright© 2009 Saytı hazırladılar:
İdeya: İradə Tuncay
Dizayner: Nizami Allahyarov
Operatorlar: Mehriban Cəfərova, Gülər İsmayılova, Vüsalə Babayeva
Korrektor: Şamxal Şəbiyev
Site by: azDesign.ws