|     |     |  
 
         
   
 

MƏMMƏD ARAZLI GÜNLƏRİM
GÜLXANIM FƏTƏLİ QIZI

SƏNƏTDƏ SON MƏNZİL OLMUR
PUBLİSİSTİK YAZILAR VƏ MÜSAHİBƏLƏR

MƏN ÖZÜM BİLİRƏM NƏÇİYƏM NƏYƏM
HAQQINDA YAZILMIŞ MƏQALƏLƏR
 
Məmməd  KAZIM

MİSRALANAN   MƏHƏBBƏT

    Əsl poeziya Oddur. Odu da ki harada gizlədirlər-gizlətsinlər, nəyə bükürlər-büksünlər xeyri yoxdur, tüstülənib yandıracaq, üzlərə-gözlərə işara-işara özünün od olduğunu bəyan eləyəcək.
Sözsüz, qəlbini-ruhunu şerin hənirinə kökləyənlər, onun işıq bələdçiliyi ilə yol gedənlər – yaradıcılar və duyumlu oxucular üçün poeziya əsilliyi də, onun daşqın qaynaqlarını sinələrində gəzdirənlər də heç zaman görünməz olmur. Əksinə, görünənin qarşısına illərlə görünməzlik pərdəsinin çəkilməsi elələrində həmişə dərin təəssüf hissi doğurur.
Bu yazıların hamısı öz yaratdıqlarına əsillik cövhəri içirən, sənətkar  nüfuzunun çəki tarazlığını saxlamağı bacaran şair dostumuz Məmməd Araza və onun yaradıcılığına aiddir. Şerlərinin eldən-elə, əldən-ələ gəzib dillər əzbəri olduğu indiki vaxtda şairin yaradıcılığı barədə yazmalı, söyləməli söz çoxdur. Lakin ustad sənətkarın şəxsi həyatının mənə məlum bəzi epizodları da var. Elə bilirəm xalq şairi adına layiq görüldüyü bir məqamda möhtərəm oxuculara onları bir töhfə kimi bəxş etmək yerinə düşər.
Əllinci ildə yeddiillik təhsildən sonra Bakı kitabxanaçılıq texnikumuna qəbul olunmuşdum.  Pedaqoji İnstitutun tələbəsi olan əmioğlum Adil Abbasovu görmək üçün şəhərin Papanin küçəsindəki 32 nömrəli evi axtardım. Indiki Kəndçi Karvansarayı yaxınlığında hündür qayalıqdakı quş damına bənzəyən birmərtəbəli evin həyətini çətinliklə tapdım.   
Qapını açan əmioğlum məni görəndə gülə-gülə dedi:
-- Qartallı qayalarda bizi nə yaxşı tapa bildin?
Darısqal otaqda miz üzərində nəsə yazmaqda olan qaraşın gənc başını qaldırıb ona cavab vedi:
-- İmtahanlar bizi sərçəyə döndərib, sən hələ də qartallıqdan enmirsən.
Adil də, onun otaq yoldaşı da boyca bir-birinə oxşayan arıqvəz, sığallı gənclərdi.
Adil bizi tanış elədi:
-- Qartal deyilsə də şair olacağına şübhən qalmasın.
  Məmməd dedi:
-- Adaş, görürsən də qoymaz dolanam. Mən şerin yolunda külüng çalanam.
Adil özünə və bizə çay gətirdi, sonra təkidlə Məmmədə təzə şerlərindən oxutdu.
O vaxtdan sonra ara-sıra həmin mənzilə baş çəkirdim. Əvvəllər rəssam olmağı arzuladığım halda Məmməd İbrahimlə (o illərdə belə adlanırdı) tanışlıq və texnikumda hörmətli yazıçı Bayram Bayramovun müəllimim olması mənə şairlik yönümü verdi.
Əmioğlum təhsilinə diqqət yetirəndi. Fikir və söz güləşində aciz qalan deyildi. Məmməd onunla elmi və həyati məsələlərlə bağlı tez-tez ciddi mübahisələr aparırdı. Ədəbi əsərlər barədə söhbətlərə daha geniş yer verərdilər. Onlarla olanda vaxt mənim üçün maraqlı keçirdi. Hər ikisi zarafatcıl, yüksək ovqatlı olardı.
“Gələcəyin coğrafiyaçıları” bir-birlərinə qardaş münasibəti bəsləyirdilər: həmin dostluq bu günlərə kimi də davam edir.
Tələbəlik illəri arxada qaldı. Bir gün Məmmədlə Dənizkənarı bulvarda görüşdüm.
-- Məndən coğrafiya müəllimi çıxmadı – dedi – Bakıda qalası oldum. Iş yerini soruşanda zarafatla  “yaradıcılıq stolumun arxası” dedi. Zarafat deyil, şerin misrası 23 manatdır. O məni də, ailəmi də gen-bol dolandırır.  
Söhbət eləyə-eləyə Birinci Sverdlovski küçəsinədək gəldik. Məmməd buradakı  125-ci evdə mənzil kirayələmişdi. Sən demə bayaq nikbinliklə danışan şairin yaradıcılıq stolu da ailəsi ilə birgə eyni otaqda yerləşirmiş. Iş orasındaydı ki, Məmməd həmin illərdə mətbuatda tez-tez çap olunur, poeziya üfüqlərinə böyük uçuşlar üçün imkanlarını  aydan-aya genişləndirirdi.
Altımışıncı illərdə sarsılmaz, güclü inamla Bakıya yığışan mən və bir çox qələm dostlarım artıq Əli Kərimi və Məmməd Arazı özümüzə mənəvi istinadgah hesab edirdik. Məmməd İsmayıl, Musa Yaqub, Zahid Xəlil, sonralar da Müzəffər Şükürlə poeziyaya aid söhbət və mübahisələrimiz, əsasən həmin iki şairin əsərləri barəsində olardı.
Moskvada Ədəbiyyat İnstitutunu bitirəndən sonra Cənubi Azərbaycan M. Araz şerinin başlıca mövzusu olmuşdu. Həmin illərdə xalq istəyinin cəsarətli tərənnümçüsü olan digər yazıçılarımız kimi adaşımın işıqlı misraları, bəndləri də tez-tez qara qaramalara tutulurdu. Ancaq o, heç nədən, heç kimdən çəkinmir, əsərlərində cəsarət işığını daha da artırırdı.
O illərdə şerlərimizin çapı sahəsindəki məhdudiyyətlər qələm yoldaşlarımızı ağır vəziyyətlərə salırdı. Belə bir vaxtda Rəsul Rza, Bəxtiyar Vahabzadə, Nəbi Xəzri, Hüseyn Hüseynzadə (Arif) kimi nüfuzlu şairlərimizin bizə bir sözü, kəlməsi ilə də olsa mənəvi dayaq olması ədəbi aləmdə dərhal görünürdü. Həmin günlərdə adaşımın “Azərbaycan gəncləri” qəzetində mənim barəmdə “Uğurlu yol” yazısı ilə çıxış etməsi qələm dostarımız tərəfindən böyük razılıq hissilə qaşılandı.
Məmməd Arazın poetik qanadları möhkəmləndikcə o, özünün ardıcılları olan bizlərə daha çox yaxınlaşır, sadə, səmimi sirr qardaşımıza dönürdü. “Azərnəşr”də, “Ədəbiyyat və incəsənət” qəzetində ixtiyarlı vəzifə sahibi olanda da o, özünün həssaslıq, diqqətcillik vərdişlərini tərgitməmişdi. Bir-iki kəlməylə də olsa hal-əhval tutar, dost havadarlığını  bəyan edərdi.
Məlum həqiqətdir ki, poetik enerjinin mənbəi şair sağlamlığı, şair gücüdür. Ürəyinin ilk dönüklüyündən sonra Məmməd xeyli qüvvə itirdi. Şair ən vüsətli, şöhrətli şerlərini də məhz həmin xəstəliyindən sonra yazdı. Doğrusu, heyrətlənməmək olmur. Görən o, bu qədər gücü, əqli dərinliyi haradan alır? Fikirləşəndə belə qənaətə gəlirsən ki, bu ancaq sənət eşqinin tükənməzliyi, fanatik yanğının ahəngdarlığı, möhtəşəmliyi ilə, bir dahi şair ilhamının əbədi torpaq özüllüyü ilə bağlıdır.
Mən bu gün ürəkdən fəxr edirəm ki, həyatın uzun yollarından, dolaylarından üzü bəri gələ-gələ yaxından tanıdığım, dərin hörmət bəslədiyim ustad sənətkarımız Məmməd Araz indi Azərbaycanın hər kəndində, şəhərində tanınır, oxunur və qəlbən sevilir. Doğma, istəkli xalqına bütün varlığı ilə bağlı olub, ona qarşı sonsuz məhəbbətini təravətli, işıqlı misralara çevirib. Xalq şairimizə bundan sonrakı illərdə daha parlaq yaradıcılıq uğurları arzulayırıq.

1992

 
Bizim Nizami yaşlı ağsaqqal, müdrik poeziyamız, eyni zamanda, həmişə gənclik həvəsli, gənclik ehtiraslı olub.
Əsl sənət «söz oxuna meylli» deyil
Başqa cür desək,  sənətkar insan  da dağlar kimidir.
Şair doğmalığı, şair yadlığı!
Təbiət arxayın idi, toxtaq idi. Ancaq zaman elə zaman idi ki,
Uzun müddət xatirə yazmağı xoşlamamışam. Elə indi də xoşlamıram.
Niyyətimiz haradır, Mənzilimiz?...
Ucalıq, mərdlik və dostluq poeziyası



free counters
Copyright© 2009 Saytı hazırladılar:
İdeya: İradə Tuncay
Dizayner: Nizami Allahyarov
Operatorlar: Mehriban Cəfərova, Gülər İsmayılova, Vüsalə Babayeva
Korrektor: Şamxal Şəbiyev
Site by: azDesign.ws