Şəkər ASLANOV
ANA YADİGARI ƏZİZDİR
Od – gülüş, təbəssüm uşaq səsində,
Od – fikir, xəyaldır, şən arzulardır.
Fəzanın bu günkü xəritəsində
Neçə gəmimizin od yolu vardır.
Bu misraları oxuyan kimi oxucu dərhal hiss edir ki, bunları yalnız bizim müasirimiz olan şairlərdən biri yazmışdır. Burada şerin poetik predmeti olan oda bu günkü insanın gözü ilə baxılır, o, insan fikri ilə qiymətləndirilir. Od öz poetik mənasını məhz bu baxımla tapır. Hiss edirsən ki,bu sətirlər kosmosun fəth edildiyi bir dövrdə yazılmışdır. Yüksək sənətkarlıqla deyilmiş misralarda fəzanın ənginliklərinə şütüyüb gedən nəhəng gəmilərimizin açdığı od cığırları, yolları görünür.
Bu xüsusiyyət Məmməd İbrahimin Azərnəşr tərəfindən buraxılmış “Anamdan yadigar nəğmələr” kitabındakı bütün başqa şerlərdə də özünü aydın büruzə verir. Məmmədin şerlərinin hamısında müasirlik hissi, ehtirası, duyğusu güclüdür. Şerlərinin hər birində təbii insan hissləri səmimi şəkildə etiraf olunur. Oxucu şeri oxuyur, təbəssümlə öz-özünə pıçıldayır: “Necə də yerində deyilib”.
Məmmədi başqa şair dostlarından fərqləndirən xüsusiyyətlər vardır, onun ifadə tərzi, obyektə poetik münasibəti başqalarına bənzəmir. Onun şerləri poeziyamızın klassik ənənələri ilə möhkəm bağlı olmaqla bərabər sözün həqiqi mənasında novator şerlərdir.
Yaxşılar hərəsi bir cürə yaxşı,
Hər əsr yaxşını yetirə bilmir.
Naqislər külüngü, pislər yağışı
Yaxşının yerini itirə bilmir.
Burada üçüncü misraya diqqət yetirin: “Naqislər külüngü” və “pislər yağışı” ifadələri şairin tapıntısıdır. “Görüşlər, vədlər” bölməsində gedən şerlər gənclərimizi mənalı yaşamağa, sevginin qədrini bilməyə, təmiz ailə qurmağa çağırır. Anasına həsr etdiyi şerlər də diqqəti cəlb edir. Bunlar yüksək sənətkarlıqla yazılmışdır. Anasını itirən övladın kədəri intim xarakter daşımır. Bu kədərdə ictimai notlar səslənir.
“Anamdan yadigar nəğmələr” kitabı Məmməd İbrahimin yaradıcılıq yollarında daha da inkişaf etdiyini, poetik fikirlərinin zənginləşdiyini, ifadə tərzinin daha da bədiiləşdiyini və sadələşdiyini göstərir.
Ana yadigarı əziz olar.
1967